Geri qayıtmaq

“Danışan şəkillər” layihəsi

İndiyə qədər bir çox sosial-mədəni layihələrə imza atmış ABB və ASAN Radio daha bir müştərək layihənin icrasına başlayır. Yeni layihə “Danışan şəkillər” adlanır. Belə bir layihənin icrasında məqsəd müasir vasitələrin köməyi ilə ictimai-tarixi irsimizin təbliğidir. Ötürdüyü məlumatlar, sənədləşdirdiyi hadisə, fakt və şəxsiyyətlər, verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyan şəkillər işığında cəmiyyətimiz üçün mənəvi dəyərlərin formalaşdırılmasıdır. Eyni zamanda, internet məkanında ana dilimizdə faydalı, maarifləndirici resursların yaradılmasıdır.

Burada Azərbaycanın tarixi keçmişi, bu günü, ölkəmizin insanları ilə bağlı maraqlı informasiyalar əks etdirən konkret şəkil seçiləcək. Həmin şəkildə əbədiləşmiş tarix, insanlar, fakt və hadisələr, mühit haqqında bir neçə dəqiqəlik qısa videoçarxlar hazırlanacaq. Bu videoçarxlar həm ABB-nin, həm də ASAN Radionun sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək. Materialların hazırlanması prosesində ölkəmizin tamaşaçı və dinləyici auditoriyasına yaxşı tanış olan Rahib Azəri də ekspert kimi iştirak edəcək.

ABB-nin Marketinq departamentinin  direktoru Nigar Tahirova bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ötən il biz “100 illik tarix” layihəsini həyata keçirdik. Layihəmiz çox böyük maraq doğurdu. Qısa müddətdə geniş izləyici auditoriyası topladı. Bu maraq, müsbət rəylər bizi tarixi-mədəni dəyərlərimizlə bağlı layihələri davam etdirməyə ruhlandırdı. İnanırıq ki, “Danışan şəkillər” də böyük uğur qazanacaq, cəmiyyətimizə maraqlı olacaq”.

“ASAN Radio”nun direktoru Emin Musavi deyib: “Maarifləndirmə xəttinə xüsusi önəm verən media qurumu olaraq izləyici auditoriyasındakı tendensiyaları həmişə diqqətdə saxlayırıq. Görürük ki, insanlarımızın faydalı kontentlərə marağı getdikcə artır. Sadəcə, belə kontentləri yaratmaq, cəmiyyətə təqdim etmək, marağı bu səmtə yönəltmək lazımdır. “Danışan şəkillər” layihəsi bu istəyi təmin edəcək və gözəl bir nümunə ortaya qoyacaq”. 

Layihənin eksperti Rahib Azəri isə şəkillərin zəngin informasiya daşıyıcısı olduğunu diqqətə çatdırıb: “Hər şəkil həyatın bir anıdır. Bəzən hər hansı bir şəkli qarşına qoyub onunla saatlar boyu söhbətləşə bilərsən. Bu mənada, bir şəklin tarixi bəzən bir xalqın tarixi qədər geniş və maraqlı alınır. Biz də tariximizin, bu  günümüzün ayrı-ayrı anlarını əks etdirən müxtəlif şəkilləri danışdırmağa çalışacağıq. Bir çox gerçəkləri onların dili ilə izləyicilərimizə çatdıracağıq. Bəri başdan əmin edirik ki, şəkillərlə dialoq çox maraqlı olacaq”.

ABB Mobile
YÜKLƏ